SİYASƏT
Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə olunan məsələlər qlobal əhəmiyyətə malikdir VİDEO
Bu sözləri ABŞ-ın Təhsil Cəmiyyətləri Beynəlxalq Federasiyasının proqram assistenti, beynəlxalq əlaqələr üzrə ekspert Piter Tase oktyabrın 3-də AZƏRTAC-da keçirilən görüşdə deyib.
Baş direktor Aslan Aslanov görüşdə AZƏRTAC-ın keçdiyi inkişaf yolu, son illərdə əldə etdiyi uğurlar, dövlət siyasətinin informasiya təminatında agentliyin mövqeyi və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Azərbaycan ilə ABŞ arasında bir çox sahələrdə uğurlu əməkdaşlığın davam etdirildiyini bildirən Aslan Aslanov regionda həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətinə toxunub.
Baş direktor 2016-cı ildə Bakıda eyni vaxtda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Dünya Xəbər Agentliklərinin V Konqresinin keçiriləcəyini və 2019-cu ilədək bu qurumlara AZƏRTAC-ın rəhbərlik edəcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu, eyni zamanda, dünyanın qabaqcıl media qurumları ilə əməkdaşlığın inkişafına da əlavə imkanlar yaradacaq.
Baş direktor IV Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 60 ölkəsindən dövlət xadimləri və alimlərdən ibarət çoxlu nümayəndə heyətinin iştirak etdiyini söyləyərək Forumun artıq mühüm beynəlxalq hadisəyə çevrildiyini, tədbirə marağın ildən-ilə artdığını qeyd edib.
Bakı Beynəlxalq Humanitar Forumunun dünyanın müxtəlif ölkələrinin və xalqlarının geniş dairəsini əhatə etməsinin önəmini vurğulayan Piter Tase tədbirin Prezident İlham Əliyevin rəhbərliyi ilə hər il yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edib.
Azərbaycanın sosial-iqtisadi inkişafı, regionda gündən-günə güclənən mövqeyi ilə bağlı məlumatların ABŞ-da düzgün təbliğ olunmasında səylərini əsirgəməyəcəyini deyən qonaq ölkəmizin artıq sürətlə inkişaf edərək Avropaya, dünyaya inteqrasiya etdiyinin danılmaz fakt olduğunu bildirib.
Piter Tase deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü xarici siyasətinin nəticəsidir ki, ölkəniz bu gün dünyanın ən qabaqcıl qurumlarında uğurla təmsil olunur. Mən ölkənizin xarici siyasətinin təbliğ olunmasında fəaliyyətimi bundan sonra da davam etdirəcəyəm”.
Azərbaycanda söz və informasiya azadlığının tam təmin olunduğunu, ölkəmizdə din ilə dövlət arasında münasibətlərin yüksək səviyyədə tənzimləndiyini bildirən ekspert respublikamızda yoxsulluq səviyyəsinin 2019-cu ilədək tamamilə aradan qaldırılması üçün görülən işləri yüksək qiymətləndirib, bundan çox məmnun qaldığını vurğulayıb.
Son on ildə Azərbaycanın beynəlxalq aləmdəki uğurları, ölkənin xarici siyasəti ilə bağlı kitab hazırlayacağını söyləyən Piter Tase bu kitabda AZƏRTAC-ın materiallarından istifadə olunacağını, agentliyə aid xüsusi fəslin yer alacağını diqqətə çatdırıb.