ELM VƏ TƏHSİL
Dördüncü könüllülük proqramına sənəd qəbulu başa çatıb
Bakı, 19 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən dördüncü könüllülük proqramına aparılan sənəd qəbulu başa çatıb.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, dördüncü könüllülük proqramında iştirak etmək üçün 281 nəfər elektron ([email protected]) qaydada sənəd verib. Onlardan müvafiq meyarlar üzrə uyğun gələnlər müsahibəyə dəvət olunacaqlar.
Müsahibədən uğurla keçən şəxslər may ayından etibarən BŞTİ-nin müxtəlif sektorlarında və xidmət bölmələrində üç ay təcrübə keçmək imkanı qazanacaqlar.
Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.
BŞTİ artıq üç ildir ki, könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək həyata keçirilmiş birinci könüllülük proqramı əsasında 15, ikinci könüllülük proqramında 26, üçüncü könüllülük proqramında isə 35 nəfər BŞTİ-nin müxtəlif sektorlarında və xidmət bölmələrində fəaliyyət göstərib. Onlardan 12-si hazırda BŞTİ-nin əməkdaşıdır.