SİYASƏT
Dorina Byanki: Bakı Forumu sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfə verəcək
Bakı, 28 aprel, AZƏRTAC
BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilmiş VII Qlobal Forumu mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun möhkəmlənməsinə, sülhə, əmin-amanlığa böyük töhfə verəcək. Forum yüksək səviyyədə təşkil edilmişdi. Dünyanın 140-dan artıq ölkəsindən yüksək səviyyəli nümayəndələrin bu mötəbər tədbirdə müasir dünyamız üçün aktuallıq kəsb edən məsələləri müzakirə etmələri olduqca vacib amildir.
Bu fikirləri VII Qlobal Forumun iştirakçısı, İtaliyanın mədəniyyət nazirinin müavini xanım Dorina Byanki AZƏRTAC-a müsahibəsində bildirib.
Dorina Biyanki Forumun nəticələrinin uğurlu olacağına əminliyini bildirib.
Ölkələrimiz arasında əlaqələrə toxunan mədəniyyət nazirinin müavini İtaliya-Azərbaycan münasibətlərinin daha da inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə İtaliyaya rəsmi səfəri zamanı iki ölkənin hökumətləri arasında qəbul olunmuş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əlaqələrimizin genişlənməsinə təkan verdiyini deyib.
Nazir müavini Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin İtaliyada təbliği, İtaliyanın tarixi-mədəni irsinin qorunması istiqamətində gördüyü işlərin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb, həmin layihələrin Azərbaycan-İtaliya əməkdaşlığının inkişafına böyük töhfə verdiyini vurğulayıb. Dorina Biyanki görülən bütün işlərə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Nazir müavini Azərbaycanın Milan Expo və Venesiya Biennallesi kimi dünya əhəmiyyətli tədbirlərdə uğurlu iştirakının İtaliyada məmnunluqla qarşılandığını diqqətə çatdırıb. O, bütün bunların ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu göstərdiyini vurğulayıb. Dorina Biyanki ölkələrimiz arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə inandığını deyib.