MƏDƏNİYYƏT
“Dostluğun ipək yolu: Mədəniyyətlərarası dialoq” adlı layihə çərçivəsində səfər başa çatıb
İdarədən AZƏRTAC-a bildirilib ki, bu layihə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə Rusiya Federasiyasının Çelyabinsk Şəhər Administrasiyasının Mədəniyyət İdarəsi arasında imzalanmış “Mədəni əməkdaşlıq memorandumu” və “Birgə əməkdaşlıq proqramı” çərçivəsində həyata keçirilib.
Nümayəndə heyəti Çelyabinskdə uşaq musiqi, incəsənət məktəblərinin fəaliyyəti ilə yaxından tanış olub, silsilə görüşlər keçirib, gələcək əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparıb.
Səfərdə olan kollektiv proqrama müvafiq olaraq şəhərdə olan kilsə, sinaqoq, məscidlər, muzeyləri və şəhərin digər görməli yerlərini gəziblər.
Çelyabinsk Şəhər Filarmoniyasının S.Prokofyeva adına orqan zalında səfərin bağlanış konserti təşkil edilib. İlk olaraq Çelyabinsk şəhər musiqi məktəblərində təhsil alan şagirdlər geniş konsert proqramı ilə çıxış ediblər. Daha sonra isə Azərbaycanı təmsil edən nümayəndə heyəti səhnəyə dəvət edilərək fəxri fərman və hədiyyələrlə təltif olunublar. Öz növbəsində, azərbaycanlı nümayəndə heyəti də ev sahiblərinə xatirə hədiyyələri təqdim ediblər. Daha sonra Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərində təhsil alan istedadlı şagirdlərin konserti olub və konsert proqramı çox maraqla qarşılanaraq alqışlarla müşayiət edilib.