SİYASƏT
“Dostluq” cəmiyyətinin xeyirxah əməlləri
Kiyev, 17 noyabr, Zeynal Ağazadə, AZƏRTAC
Xarkov vilayəti Azərbaycan-Ukrayna Dostluq Cəmiyyəti (“Dostluq”) idarə heyətinin üzvü, Ukrayna-Azərbaycan biznes şurasının prezidenti, “Xəzər” MMC-nin baş direktoru, iqtisad elmləri namizədi, dosent Şahin Ömərov “OTB” kanalının Donbasdan köçüb gələnlər üçün humanitar aksiyasında fəal iştirakına görə Xarkov vilayəti dövlət teleradio şirkətinin fəxri fərmanına layiq görülüb.
“Dostluq” cəmiyyətinin və Ukrayna-Azərbaycan biznes şurasının üzvləri Donbasa gələrək Svyato-Uspensk Svyatoqorsk lavrası ərazisində yaşayan köçkünlərə humanitar yardım göstəriblər.
Bundan əlavə, “Dostluq” cəmiyyətinin və Ukrayna-Azərbaycan biznes şurasının üzvləri Xarkov ərazisində yaşayan Donbas köçkünlərinə təzə çörək və ərzaq məhsulları gətiriblər.
“OTB” telekanalı jurnalistlərinin təşəbbüsü ilə keçirilən və iki aydan çoxdur davam edən aksiyada ictimai və xeyriyyə təşkilatları, BMT-nin sülhməramlıları, biganə qalmayan xarkovlular fəal iştirak ediblər.
Toplanan humanitar yardım Donetsk və Luqansk vilayətlərindən köçkünlər üçün göndərilir.
Yardım müxtəlif şəkildə - ərzaq məhsulları, şəxsi gigiyena vasitələri və paltarla təminat, işədüzəltmə yolu ilə göstərilir.
Şahin Ömərov AZƏRTAC-a müsahibəsində bildirib: “Ölkənin qarşılaşdığı sınaq və təhdidlərin aradan qaldırılması üçün cəmiyyətin konsolidasiyası, ədalətin və xeyirxahlığın qələbəsinə möhkəm inam, vahid və çiçəklənən Ukraynada uşaqlarımızın xoşbəxt gələcəyi bu gün çox vacibdir”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev