MƏDƏNİYYƏT
Dövlət Akademik Milli Dram Teatrı II Şəki Beynəlxalq Teatr Festivalında təmsil olunacaq
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi II Şəki Beynəlxalq Teatr Festivalında çıxış etmək üçün Şəki şəhərinə yola düşüb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 15-də başlayacaq festivalda sözügedən sənət ocağı “Ölülər” tamaşası ilə təmsil olunacaq. Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru teatrın bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemətdir. Tamaşada görkəmli bəstəkar, SSRİ Xalq Artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.
Səhnə əsərində Şeyx Nəsrullah rolunu Xalq Artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə aktyor Anar Heybətov canlandıracaq. Digər rolları Xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Əməkdar artistlər Kazım Abdullayev, Əli Nur, Sabir Məmmədov, Elxan Quliyev, Elşən Rüstəmov, Məzahir Cəlilov və başqaları ifa edəcək.