İQTİSADİYYAT
Dövlət Akkreditasiya Xidməti tərəfindən 101 uyğunluğun qiymətləndirilməsi orqanı akkreditasiya edilib
Bakı, 17 yanvar, AZƏRTAC
2016-cı il ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən 101 uyğunluğun qiymətləndirilməsi orqanı akkreditasiya edilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, onlardan 72-si sınaq laboratoriyası, 4-ü oxşar məhsulların və xidmətlərin sertifikatlaşdırılması üzrə orqan, 16-sı kalibrləmə laboratoriyası, 5-i personalın sertifikatlaşdırılması üzrə orqan, 1-i keyfiyyəti idarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı, 3-ü isə inspeksiya xidməti göstərən orqandır.
Qeyd olunub ki, akkreditasiya qaydalarının pozulmasından, o cümlədən akkreditasiyadan imtina barədə qərardan və ya uyğunluğu qiymətləndirən qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində faktiki xarakterli hərəkətindən (hərəkətsizliyindən) edilən şikayətlərə baxılması məqsədilə Dövlət Akkreditasiya Xidmətində Apellyasiya Şurası təşkil edilib.