İQTİSADİYYAT


Dövlət Akkreditasiya Xidmətinin keyfiyyət üzrə siyasəti və 2016-2017-ci illər üçün məqsədləri təsdiqlənib

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti (AzDAX) tərəfindən “Keyfiyyət üzrə siyasət” və “Dövlət Akkreditasiya Xidmətinin 2016-2017-ci illər üçün keyfiyyət üzrə məqsədləri” təsdiq olunub.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, keyfiyyət üzrə siyasətin əsas məqsədi beynəlxalq tələblərə cavab verən akkreditasiya sistemi vasitəsilə ölkənin iqtisadi inkişafına və dünya bazarına çıxışına yardım etməkdir. Təsdiq olunmuş sənədə əsasən AzDAX fəaliyyətini İSO/İEC 17011 “Uyğunluğun qiymətləndirilməsi üzrə orqanları akkreditasiya edən akkreditasiya orqanlarına ümumi tələblər” beynəlxalq standartının tələbləri əsasında həyata keçirməyi, sifarişçilər üçün akkreditasiya qaydalarının əlçatanlığını, mülkiyyət formasından və ya müraciət edilən akkreditasiya sahəsindən asılı olmayaraq uyğunluğun qiymətləndirilməsi orqanları üçün akkreditasiya qaydalarının eyniliyini təmin etməyi qarşısına məqsəd qoyub.

AzDAX-ın akkreditasiyasının nəticələrinin beynəlxalq səviyyədə tanınması, Beynəlxalq Akkreditasiya Forumu (İAF) və Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə (İLAC) qarşılıqlı tanınma haqqında sazişlərə qoşulmaq və beynəlxalq səviyyədə tanınma, həmçinin qərəzsizliyin və tərəfsizliyin təmin edilməsi məqsədilə akkreditasiya prosesində iştirak edən bütün maraqlı tərəflərin iştirakını təmin etmək qurumun keyfiyyət üzrə siyasətinə daxil edilib.

“Dövlət Akkreditasiya Xidmətinin 2016-2017-ci illər üçün keyfiyyət üzrə məqsədləri”nə isə qurumun Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı (İLAC) və Akkreditasiya üzrə Avropa Əməkdaşlıq Təşkilatına (EA) assosiativ üzv olmaq, tərəfsizliyin və qərəzsizliyin təmin edilməsi üçün Akkreditasiya üzrə Məsləhətçi Şuranın yaradılması, qurumun fəaliyyətinin avtomatlaşdırılması, xüsusi proqram təminatının tətbiqi ilə məlumat bazasının yaradılması və s. daxildir.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2012-ci il tarixli 604 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti yaradılıb. Dövlət Akkreditasiya Xidməti akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyasının və bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.

2014-cü il mayın 30-da "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu Qanun Avropanın və beynəlxalq akkreditasiya təşkilatlarının beynəlxalq səviyyədə razılaşdırılmış standartlarına və müşayiətedici rəhbər sənədlərinə əsasən sınaq, kalibrləmə, sertifikatlaşdırma (məhsullar, idarəetmə sistemləri və personal) və inspeksiya xidmətlərini göstərən uyğunluğun qiymətləndirilməsi orqanlarının qiymətləndirilməsini tənzimləyir.

Qanunun məqsədi Azərbaycan Respublikasındakı akkreditasiya olunmuş uyğunluğun qiymətləndirilməsi orqanları tərəfindən müvafiq sertifikatları vermək, sınaq və inspeksiya hesabatlarının qarşılıqlı tanınmasını təmin etmək, akkreditasiya vasitəsilə mümkün dərəcədə ticarətdə texniki maneələri azaltmaq və ya aradan qaldırmaq və Azərbaycan Respublikasının akkreditasiya sistemini Avropa və beynəlxalq akkreditasiya sisteminə uyğunlaşdırmaqdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.