CƏMİYYƏT
Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olunmuşdur
Bakı, 14 mart (AZƏRTAC). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə Fuad Əlizadə rəis təyin edilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, F.Əlizadə 1980-ci il martın 26-da anadan olmuşdur. Azərbaycan Dillər Universitetinin filologiya (ingilis dili) fakültəsini, Naxçıvan Dövlət Universitetinin pedaqogika nəzəriyyəsi və tarixi fakültəsini, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsini bitirmişdir. O, 2000-2001-ci illərdə hərbi xidmətdə olmuş, 2001-2005-ci illərdə Yasamal Rayon İcra Hakimiyyəti aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində referent, böyük məsləhətçi vəzifələrində, 2005-ci ilin aprel-iyun aylarında Dövlət Sosial Müdafiə Fondun aparatının beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsində böyük məsləhətçi, 2005-2013-cü illərdə Fondun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentində audit sektorunun müdiri vəzifələrində işləmişdir. Bu vəzifəyə təyin olunanacan Dövlət Əmək Müfəttişliyi Xidməti rəisinin müavini vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2012-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.