REGİONLAR


Dövlət Əmlak Komitəsi Sumqayıtda ilin ilk sosial kampaniyasını təqdim edib

Sumqayıt, 13 yanvar, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi 2017–ci ildə ilk sosial kampaniyasını vətəndaşlara Sumqayıtda təqdim edib. Komitənin sosial tədbirlərin keçirilməsində əsas məqsədi xidmətləri vətəndaşlara maksimum rahat və operativ şəkildə çatdırmaqdır.

AZƏRTAC xəbər verir ki, yanvarın 13-də Sumqayıt şəhərinin 14-cü məhəlləsində reallaşan “kütləvi çıxarış” kampaniyası zamanı 70-ə yaxın sakin yaşadığı ünvandan ayrılmadan komitənin mobil ofislərində - xüsusi nəqliyyat vasitələrində belə çıxarışları əldə ediblər. Bu çıxarışlar fərdi yaşayış evləri, pay torpağı, mənzillər, həyətyanı torpaq sahələrinə dair verilib. Səksənə yaxın vətəndaş isə əmlakları barədə ilkin mülkiyyət sənədlərini yoxlanması və qəbulu üçün komitənin qeydiyyat ekspertlərinə təqdim edib. Sənədlərə aktlar, şəhadətnamələr, qeydiyyat vərəqələri, kolxoz və sovxoz əmrləri, sovet dövründə verilmiş müxtəlif tipli mülkiyyət sənədləri və pasportlar aiddir. Sənədlər qəbul edilib, yerindəcə yoxlanılıb, ehtiyac olduqda zəruri sənədlərin alınması qaydası barədə istiqamət verilib. Vətəndaşlardan götürülən ilkin sənədlər növbəti mərhələdə çıxarışla əvəz olunaraq yenidən onlara təqdim edilir.

Kampaniya zamanı vətəndaşlara sosial tədbirlərdən faydalanmaq üçün 148 saylı Çağrı mərkəzinə zəng etmələri tövsiyə olunub. Kampaniyanın və mobil ofis xidmətinin keçirildiyi aylıq cədvəlin komitənin rəsmi internet səhifəsində yerləşdirilirdiyi diqqətə çatdırılıb.

Ümumiyyətlə, komitə vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində innovasiyalar tətbiqinə xüsusi yer ayırır. Belə yeniliklərə kütləvi çıxarış kampaniyası və mobil ofis xidmətləri ilə yanaşı, “bir pəncərə” sistemi hüquqi yardım xidməti, elektron, onlayn və SMS xidmətlər daxildir. Sonuncu innovativ addım isə komitənin bu günlərdə istifadəyə verdiyi “Əmlakın qeydiyyatı kalkulyatoru”dur. Belə ki, komitənin rəsmi veb-saytında (emdk.gov.az) yaradılan bu kalkulyator vətəndaşa sənədləşdirmə prosesində dövlət rüsumu və xidmət haqqını elektron qaydada öncədən öyrənməyə imkan verir. Bu isə həm sadələşmə, həm də vaxta qənaət deməkdir.

Qeyd edək ki, kampaniya ilə yanaşı, respublika üzrə əhaliyə fərdi qaydada mobil ofis xidmətləri də təqdim olunur. Mobil ofis xidmətlərinin ən üstün cəhətlərindən biri də onun bütün regionları əhatə etməsidir. Bu xidmətlərə ilkin sənədlərin toplanması, çöl-ölçmə və inventarlaşdırma işləri, hüquqi maarifləndirmə və digər xidmətlər daxildir. Nəticə etibarilə bütün bu tədbirlər daşınmaz əmlakın qeydiyyatının sadələşməsinə, daha çevik və rahat qeydiyyat aparılmasına geniş şərait yaradır. Belə kampaniyalar il boyunca daha intensiv şəkildə respublikanın şəhər və rayonlarını, kənd və qəsəbələrini əhatə etməklə davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.