QAN YADDAŞI
Dövlət Aqrar Universitetində Azərbaycanlıların Soyqırımı Günü anılıb
Gəncə, 30 mart, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov məruzə ilə çıxış edərək 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, eləcə də Azərbaycanın bir neçə bölgəsində ermənilərin törətdikləri soyqırımından danışıb. Bildirib ki, həmin hadisələr zamanı 50 min azərbaycanlı qətlə yetirilib, evlər qarət olunub.
Toplantıda vurğulanıb ki, bu soyqırımına münasibət yalnız ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra bildirilib. Ümummilli Liderin 1998-ci il martın 26-da imzaladığı Fərmanda erməni millətçiləri tərəfindən törədilmiş hadisələrə siyasi qiymət verilib. Bununla da XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə indiki və gələcək nəsillərdə milli yaddaş formalaşdırılıb.
Tədbir 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarxın nümayişi ilə davam etdirilib.