CƏMİYYƏT
Dövlət Aqrar Universitetinin xaricdə təhsil almış tələbələri ilə görüş
Bakı, 29 iyul, AZƏRTAC
Kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində, eyni zamanda, universitetin dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən aqrar universitetləri ilə qurduğu səmərəli əməkdaşlıq əlaqələri vasitəsilə xaricdə təhsil almış tələbələrlə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, görüşdə son illər ali təhsilin bakalavr, magistr və fəlsəfə doktoru pillələri üzrə dünyanın bir sıra qabaqcıl universitetlərində təhsillərini davam etdirmiş tələbələrin əsasən molekulyar biologiya, genetika, DNT klonlaşdırma, torpaqların GİS texnologiyası vasitəsilə tədqiqatı, torpağın informasiya bazası, torpaqların məsafədən öyrənilməsi, suvarma əkinçiliyi, baytarlıq, biotexnologiya və s. istiqamətlər üzrə hazırlıq keçdikləri bildirilib. Son 4-5 il ərzində ADAU 50-dən artıq tələbəsinə xaricdə təhsil almaq imkanı verib.
Nazir ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün beynəlxalq təcrübələrin öyrənilməsi ilə yanaşı, müasir tələblərə cavab verən, texnologiyalara yiyələnmiş kadrların yetişdirilməsinə də ehtiyac duyulduğunu diqqətə çatdırıb.
Xaricdə təhsil alan tələbə və məzunların fəaliyyəti ilə maraqlanan Heydər Əsədov onların potensiallarının düzgün qiymətləndirilərək, nazirliyin və kənd təsərrüfatı müəssisələrinin fəaliyyətinə cəlb edilməsinin vacibliyini vurğulayıb.