DÜNYA
Dövlət Baxçəli: Türkiyə bugünkü mitinqlə tək ürək olduğunu göstərdi, ayrılığımız, fərqliliyimiz yoxdur
Bakı, 7 avqust, AZƏRTAC
15 iyul yeni bir işğal cəhdi, yeni bir fəlakət həmləsi idi. Ancaq türk milləti buna boyun əymədi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçəli İstanbulda keçirilən demokratiya və şəhidlər mitinqində çıxışında səsləndirib.
O, mitinq iştirakçılarına səslənərək deyib: “İradənizi oğurlamaq istədilər rədd etdiniz, yeri gəldi tankın önünə yatdınız, gül baxçasına girən kimi güllələrin üzərinə getdiniz, çünki siz Türkiyəsiniz, türk millətisiniz, böyük bir əcdadın mirasısınız. Türkiyə bugünkü mitinqlə tək ürək olduğunu göstərdi, ayrılığımız, fərqliliyimiz yoxdur. Bu birliyi qərarlı şəkildə qorumalıyıq. Şəhidlərimizin xatirə və vəsiyyətləri bizə əmanətdir. 15 iyul bir milad, dönüm nöqtəsidir. Bu ruh davam etdiyi müddətcə heç bir xain bizə yaxınlaşa bilməyəcək”.