Dövlət Bayrağı Günü İmişli, Şirvan, Hacıqabul və Salyanda qeyd olunub
İmişli, 10 noyabr, Mahir Babayev, AZƏRTAC
İmişli rayonundakı Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı Günü ilə bağlı təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edib.
Qeyd olunub ki, üçrəngli bayrağımız dövlət rəmzi kimi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il noyabr 9-da keçirilən iclasında qəbul edilib. Lakin 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutu nəticəsində üçrəngli bayrağımız da dəyişdirilib. Yetmiş ildən sonra ilk dəfə Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan MR Ali Soveti müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızı muxtar respublikanın dövlət bayrağı elan edib və bununla da ölkədə gedən proseslərə güclü təkan verilib. 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə üçrəngli və ay-ulduzlu bayraq yenidən dövlət bayrağı elan edilib.
Tədbirdə vurğulanıb ki, ötən əsrin 90-cı illərində müstəqilliyinə yenicə qovuşan Azərbaycan onu itirmək təhlükəsindən Heydər Əliyevin dühası ilə xilas olub və müasir inkişaf yoluna çıxıb. Qısa müddətdə dünyada Azərbaycana etimad yaranıb, beynəlxalq layihələr imzalanıb, dövlətçiliyimizə və müstəqilliyimizə yönələn cəhdlərin qarşısı qətiyyətlə alınıb.
Çıxışlarda respublikamızın bölgələrində, o cümlədən İmişlidə həyata keçirilən geniş abadlıq-quruculuq işlərindən də söhbət açılıb.
X X X
Şirvanda Dövlət Bayrağı Günü münasibətilə keçirilən bayram tədbiri ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb.
Sonra şəhərdəki Şəhidlər xiyabanının qarşısından yüzlərlə sakin Dövlət Bayrağı meydanına yürüş edib.
Bayraq meydanında keçirilən tədbirdə şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov üçrəngli bayrağımızın tarixi haqqında məlumat verib. İkinci dəfə istiqlalına qovuşan Azərbaycanın müstəqillik tarixində Ümummilli Liderin əvəzsiz xidmətlərini diqqətə çatdıran natiq bildirib ki, məhz Ulu Öndərin qətiyyəti ilə ilk dəfə üçrəngli bayrağımız Naxçıvanda dalğalandırılıb.
Tədbirdə Prezident İlham Əliyevin liderliyi ilə qlobal iqtisadi və regional layihələrin müəllifi olan ölkəmizin sürətli inkişafından da bəhs edilib. Belə bir əminlik ifadə olunub ki, ölkəmizin artan iqtisadi və hərbi qüdrəti sayəsində ərazi bütövlüyümüz tezliklə bərpa ediləcək, üçrəngli bayrağımız doğma Qarabağda, Şuşada, Xankəndidə dalğalanacaq.
Sonra tədbir iştirakçıları gənc idmançıların nümunəvi çıxışları, 1 və 2 nömrəli məktəblərin şagirdlərinin ifasında Vətənimizi, bayrağımızı vəsf edən şeir və mahnıları dinləyiblər.
X X X
Hacıqabulda Dövlət Bayrağı Gününə həsr olunan tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.
Sonra yüzlərlə hacıqabullu rayondakı Bayraq meydanına yürüş edib. Mərasimdə çıxış edənlər üçrəngli bayrağımızın tarixi haqqında məlumat verib, bayrağımızın hər bir azərbaycanlının qürur mənbəyi olduğunu vurğulayıblar. Müstəqillik tariximizə nəzər salan natiqlər bildirib ki, Ümummilli Liderin xilaskarlıq missiyası Azərbaycanı müasir inkişaf yoluna çıxarıb. Ulu Öndər regionların inkişafını prioritet hesab edirdi. Bu siyasət bu gün də uğurla aparılır. Prezident İlham Əliyevin strateji hədəf kim qarşıya qoyduğu bu xətt Hacıqabulun simasında da özünü aydın göstərir.
Bayram tədbiri məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib
X X X
Salyanda bu əlamətdar günü şəhərdə yeni istifadəyə verilmiş Bayraq Muzeyində qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə muzeydə sərgilənən tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, qədim Azərbaycan dövlətlərinin bayraqları, xəritələr, poçt markaları və mərasim geyimləri ilə tanış olublar. Sonda Azərbaycanın Dövlət Bayrağına həsr olunmuş videoarx nümayiş olunub.
Tədbir məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.