QAN YADDAŞI
Dövlət Bayrağı Meydanında Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də Dövlət Bayrağı Meydanında Qanlı 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədov xalqımızın qəhrəmanlıq tarixində özünəməxsus yeri olan 20 Yanvar hadisələri ilə bağlı məlumat vermişdir. Bildirilmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri kimi daxil olmuşdur. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda mülki vətəndaşlara qarşı qətliam törədilmiş, qəhrəman oğul və qızlarımız bu qanunsuz hərəkətə qarşı öz etirazlarını bildirərkən şəhid olmuşlar.
R.Məmmədov ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdiyi səylərdən, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı gördüyü işlərdən danışmışdır. Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu hadisəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilmişdir.
Milli Məclisin deputatı Musa Qasımlı çıxış edərək 20 Yanvar faciəsinin səbəb və nəticələri haqqında ətraflı məlumat vermiş, sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı siyasətindən danışmışdır. Bildirilmişdir ki, 20 Yanvar Azərbaycanın tarixinə mərdlik və mübarizlik rəmzi kimi yazılmışdır. O qanlı gecə xalqımızın mərd oğul və qızları sübut etdilər ki, heç bir imperiya qoşunu xalqın mübariz ruhunu sındıra bilməz.
“20 Yanvar əlilləri” Cəmiyyətinin sədri Sultan Əzimzadə və digər çıxış edənlər Qanlı Yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırlatmış, milli azadlıq uğrunda şəhid olan qəhrəmanların xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirmişlər.
Sonda Qanlı Yanvar faciəsi ilə bağlı videoçarx nümayiş olunmuşdur.