CƏMİYYƏT


Dövlət Baytarlıq Nəzarəti Xidməti: Ölkəyə xəstə heyvan və heyvan mənşəli məhsullar idxal edilməyib

Bakı, 18 mart, AZƏRTAC

Bəzi kütləvi informasiya vasitələrində (KİV) guya Gürcüstan vasitəsilə Ermənistan mənşəli vərəm xəstəliyinə yoluxmuş diri heyvan və heyvan ətlərinin Azərbaycana idxal edilməsi barədə məlumat yayılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) AZƏRTAC-a bildiriblər ki, bu məlumatların heç bir əsası yoxdur, onlar həqiqəti əks etdirmir, heç bir fakta söykənmir və Ermənistandan ölkəmizə heç bir heyvan və heyvan mənşəli məhsul idxal edilməyib.

Gürcüstan və digər ölkələrdən Azərbaycana gətirilən heyvan və heyvan mənşəli məhsulların idxalına həmin ölkələrin baytarlıq xidmətləri tərəfindən sağlamlığına dair baytarlıq sertifikatı və digər müvafiq sənədlər təqdim edildikdən sonra icazə verilir. Respublikaya idxal edilmiş heyvandarlıq məhsulları müvafiq laboratoriya müayinələrindən keçirildikdən sonra onların istifadəsinə icazə verilir. Ötən müddət ərzində laboratoriyada müvafiq analizləri aparılan idxal olunmuş məhsullarda vərəm və digər infeksion xəstəliklərin törədiciləri aşkar edilməyib.

Dövlət Baytarlıq Nəzarəti Xidməti yayılan məlumatların həqiqəti əks etdirmədiyini, heç bir real fakta əsaslanmadığını və şayiə xarakterli olduğunu bildirir.

Xidmət onu da bildirir ki, respublikaya idxal edilən bütün heyvan və heyvan mənşəli məhsullara nəzarət olunur və ölkədə epizootik vəziyyət sabitdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.