İQTİSADİYYAT
Dövlət Baytarlıq Nəzarəti Xidmətində idxal və ixrac elektron nəzarət sistemi fəaliyyət göstərir
Bakı, 22 aprel, Ramiz Quliyev, AZƏRTAC
Prezident İlham Əliyevin aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində qeyd etdiyi kimi, "Azexport" portalının yaradılması dövlət tərəfindən sahibkarlara verilən dəstəkdir və bu portala maraq getdikcə artır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı şəhəri Baytarlıq İdarəsinin rəis müavini Eldar Həsənov deyib.
Rəis müavini qeyd edib ki, portal sahibkarlara ixrac üçün böyük imkanlar yaradır. Verilən məlumata görə, artıq dünyanın bir çox ölkəsindən "Azexport" portalına sifarişlər daxil olub. Əminliklə demək olar ki, regionda "Azexport" portalının analoqu yoxdur.
E.Həsənov bildirib ki, artıq kənd təsərrüfatı sahəsində də bu istiqamətdə addımlar atılıb. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) sahibkarlardan ixrac və idxalyönümlü heyvan mənşəli məhsulların Azərbaycandan daşınması və ölkəyə gətirilməsi ilə bağlı onlayn sistemli ərizələrin qəbulu forması keçirilib. “İndi hər bir sahibkar Dövlət Baytarlıq Nəzarəti Xidmətinin idxal və ixrac elektron nəzarət sisteminə ərizə ilə müraciət edir. Çox qısa müddətdə hər bir ərazinin epizootik vəziyyəti yoxlanıldıqdan sonra sahibkarlara zəruri məlumatlar verilir”.
Rəis müavini həmçinin vurğulayıb ki, ölkədən ixrac olunan məhsullara baytarlıq xidməti tərəfindən hərtərəfli köməklik göstərilir. Ekspertizadan keçmək şərtilə, yəni məhsulların sağlamlığı dəqiq müayinə edildikdən sonra onlara baytarlıq sertifikatı heç bir vaxt itkisi olmadan verilir. DBNX-də bu sistem artıq 2 ildir fəaliyyət göstərir.