SİYASƏT
Dövlət Dəmir Yolu və Metropoliten Peşə Təhsili Mərkəzində Azərbaycanın Müstəqilliyi Günü ilə bağlı lektoriya keçirilib
Bakı, 20 oktyabr, AZƏRTAC
Təhsil Nazirliyinin ilk peşə-ixtisas təhsili müəssisəsi Dövlət Dəmir Yolu və Metropoliten Peşə Təhsili Mərkəzində 18 oktyabr Azərbaycanın Müstəqilliyi Günü ilə bağlı lektoriya keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, liseyin direktor əvəzi, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Həsən Bayramov respublikamızın əldə etdiyi nailiyyətlərdən danışaraq yaxın keçmişə nəzər salıb. Bildirib ki, 1993-cü ildə ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz edib.
1994-cü il sentyabrın 20-də Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi olan “Əsrin müqaviləsi” imzalanıb. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış edib.
Dünyanın aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırıb. Azərbaycan iri regional layihələrə, Avropanın və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşulub. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər müstəqillik Azərbaycanın suveren dövlət kimi mövcud olması zərurətindən irəli gələn hadisə idisə, Azərbaycanın müstəqilliyinin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır. Məhz dövlət müstəqilliyi və Heydər Əliyev faktı yeni və qlobal dünyada ölkəmizin yerini müəyyənləşdirib.
“Müstəqillik dərsləri” seriyasından təşkil edilən lektoriyada Bakı Dövlət Universitetinin professoru Məmmədağa Baxışov “Konstitusiya Aktının qəbulu tarixinə ümumi nəzər” mövzusunda çıxış edib. Lektoriya müəllim və şagirdlərlə disput formasında davam etdirilib.