İQTİSADİYYAT
Dövlət Dəniz Administrasiyasının həyata keçirdiyi tvininq layihəsi uğurla yekunlaşıb
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Dəniz Administrasiyasının həyata keçirdiyi layihə dəniz nəqliyyatı sahəsi üzrə yerli tənzimləyici sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, Avropa İttifaqı (Aİ) qanunvericiliyinin və Beynəlxalq Dəniz Təşkilatının (BDT) dəniz təhlükəsizliyi və dəniz mühitinin mühafizəsi üzrə konvensiyalarının tələblərini yerinə yetirmək üçün Administrasiyanın potensialını gücləndirmək məqsədi daşıyıb.
Tədbirdə çıxış edən Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov son dövrlərdə Azərbaycanda dəniz nəqliyyatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, Azərbaycanın BDT-yə tam hüquqlu üzv qəbul olmasından ötən dövr ərzində respublikamız tərəfindən bu təşkilatın 18 konvensiyası və 8 protokolu ratifikasiya edilib və həmin sənədlərin tələblərinin yerinə yetirilməsi istiqamətində mühüm işlər görülüb. Bu barədə konfrans iştirakçılarına ətraflı məlumat verən Q.Qurbanov diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında tvinninq layihəsi” üzrə qarşıya qoyulan məqsədlərə tam nail olunub.
Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin əməliyyatlar bölməsinin rəhbəri Yerun Villems Azərbaycan ilə qurum arasında əlaqələrdən bəhs edərək bildirib ki, bu əməkdaşlıq Aİ-nin qonşuluq siyasəti çərçivəsində daha da möhkəmlənib.
Y.Villems Azərbaycan Dövlət Dəniz Administrasiyasının benefisiarı olduğu “Azərbaycan Respublikasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında tvinninq layihəsi” çərçivəsində görülən işlərin dəniz təhlükəsizliyi və dəniz mühitinin mühafizəsi baxımından əhəmiyyətini vurğulayaraq, son dövrlərdə ölkəmizdə dəniz nəqliyyatı sahəsində əldə olunan uğurlardan məmnunluğunu ifadə edib.