İQTİSADİYYAT
Dövlət Dəniz Akademiyasının diplomunu 170-dən çox dövlət tanıyır
Bakı, 3 avqust, Elvin Camalov, AZƏRTAC
Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) diplomunu 170-dən çox dövlət tanıyır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən bildirilib. Ən qabaqcıl Avropa Ali Dənizçilik məktəbləri ilə sıx əməkdaşlıq edən ADDA-nın diplomu ötən ilin əvvəllərində 163 dövlət tərəfindən tanınıb. Akademiya bütün tələbələrini ödənişsiz əsaslarla ildə 2 dəfə (yay və qış geyimləri) forma ilə təmin edir. Tələbələr Akademiya nəzdində ödənişsiz əsaslarla dil kurslarından (ingilis və rus dilləri üzrə) yararlana bilərlər
Həmçinin tələbələr yüksək standartlara cavab verən Akademiyanın yataqxanasından ödənişsiz istifadə etmək iqtidarındadırlar. Həftənin 5 tədris günü (Bazar ertəsi – Cümə) tələbələr gündə 2 dəfə ödənişsiz yeməklə (səhər yeməyi və naharla) təmin olunurlar.
Qeyd edək ki, Azərbaycan Dövlət Dəniz Akademiyası Prezident Heydər Əliyevin tapşırığına əsasən Bakı Dəniz yolları məktəbinin bazasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 1996-cı il Qərarı ilə yaradılıb. Hazırda ADDA ölkədə ixtisaslı dənizçi kadrlar hazırlayan yeganə ali məktəbdir.