İQTİSADİYYAT


Dövlət Dəniz Akademiyasının tələbələrinə gəmiçilikdə çalışmaları üçün zəmanət məktubu verilib

Bakı, 4 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələrinə gəmiçilikdə çalışmaları üçün zəmanət məktubu verilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Dövlət Dəniz Akademiyasının 21 tələbəsinə zəmanət məktubu təqdim edilib. Bu məktublar hesabına həmin tələbələr gələcəkdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də işlə təmin olunacaq.

Zəmanət məktubunun verilməsi ilə bağlı təşkil olunan tədbirdə akademiyanın rəhbərliyi, müəllim və tələbə heyəti ilə yanaşı, “AXDG” QSC sədrinin köməkçisi Muxtar Axundov, İnsan resurslarının idarəedilməsi departamentinin rəisi Sevda Məmmədova da iştirak ediblər.

ADDA-nın rektoru Çingiz Əliyev bildirib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC gənc dənizçilərin beynəlxalq standartlara cavab verən bilik və bacarıqlara yiyələnmələri üçün bir çox layihələr həyata keçirir. Hər il Akademiyanın iki tələbəsi və ya məzunu AXDG-nin vəsaiti hesabına dünyanın nüfuzlu dənizçilik təhsil ocaqlarına göndərilir. Tələbələrin peşəkarlığının artırılması məqsədilə onların xarici sularda üzən gəmilərdə təcrübə keçmələrinə imkan yaradılır.

Buraxılış imtahanlarından və müsahibələrdən uğurla keçən məzunlara gəmiçilikdə çalışmaları üçün zəmanət məktubları verilməsi də belə tədbirlərdəndir.

Daha sonra çıxış edən sədrin köməkçisi, uzaq səfərlər kapitanı Muxtar Axundov məzunlara tövsiyələrini verib. Onlara gələcək karyeralarında uğurlar arzulayıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İnsan resurslarının idarəedilməsi departamentinin rəisi Sevda Məmmədova zəmanət məktubu alan məzunları təbrik edərək, göstərilən etimadı doğruldacaqlarına inamını ifadə edib.

O bildirib ki, gəmiçilikdə peşəkar və savadlı kapitan, kapitan köməkçiləri və mexaniklərə hər zaman ehtiyac var.

Sevda Məmmədova onu da vurğulayıb ki, zəmanət məktubu alan məzunlara gələcəkdə xarici sularda istismar edilən gəmilərdə işləmək imkanı yaradılması da mümkündür.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC bu layihəni iki ildir həyata keçirir. Keçən il bu fürsətdən ADDA-nın 11 məzunu yararlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.