CƏMİYYƏT
Dövlət Elmi Tibb Kitabxanasının elektron kataloqunda 1129 nüsxə kitab qeydiyyatdan keçib
Bakı, 21 iyun, AZƏRTAC
Səhiyyə Naziri Oqtay Şirəliyevin 2014-cü ilin dekabrında verdiyi əmrə əsasən Dövlət Elmi Tibb Kitabxanasının rəsmi saytı yaradılıb (www.snetk.az). Saytda kitabxana haqqında məlumatlarla yanaşı kitabxana fondunun elektron kataloqu da öz əksini tapıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin təşəbbüs və səyləri nəticəsində elektron kataloqun təşkil və inkişaf etdirilməsi üçün xüsusi kitabxana-biblioqrafiya proqramı yaradılıb. Həmin proqram lokal olaraq kitabxana-biblioqrafiya resurslarının hazırlanması, komplektləşdirməsi və oxuculara xidmət üçün nəzərdə tutulub. Proqram vasitəsilə ənənəvi kataloq kartoçkasının çapı da mümkündür.
Artıq proqram üzrə 1129 nüsxə kitab qeydiyyatdan keçib. Oxucular təkcə kitab haqqında ümumi məlumatlarla deyil, həm də mündəricatla tanış ola və kataloqda kitabın müəllifi, kitabın adı, açar sözlər və s. ilə əlaqədar axtarış da verə bilərlər.
Sayt dinamik şəkildə tərtib edilib. Elektron kataloqa əlavə edilən nəşrlər avtomatik olaraq sayta daxil edilir. Bundan başqa Səhiyyə Nazirliyinin saytında kitabxananın saytına link vasitəsilə də daxil olmaq mümkündür.