QAN YADDAŞI
Dövlət Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
Bakı, 19yanvar, AZƏRTAC
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq reallaşıb.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən mərasimdə 20 Yanvar faciəsində canından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə vətənpərvərlik ruhunda bəstələnmiş kompozisiyalardan ibarət konsert proqramı təqdim edilib.
Gecədə Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış edib.