İQTİSADİYYAT


Dövlət Fitosanitar Nəzarəti Xidmətinin geniş kollegiya iclası keçirilib

A+ A

Bakı, 15 avqust, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin 2016-cı ilin birinci yarısında fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, bu il iyulun 10-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında aqrar sahədə institusional islahatların davam etdirilməsi ilə yanaşı, ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatının daxili imkanlar hesabına ödənilməsi bir vəzifə kimi qarşıya qoyulub.

Nazir dövlətimizin başçısı tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsində, o cümlədən ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən də görülməli olan işlər barədə danışaraq, ölkədə fitosanitar sabitliyin qorunması, karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədilə genişmiqyaslı təcrid və ləğvedici tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Bildirilib ki, fitosanitar nəzarətin yeni modelinin formalaşdırılması və şəffaflığın təmin edilməsi istiqamətində Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2016-cı ildə büdcədənkənar daxilolmalar 1 milyon 732 min manat təşkil edib ki, bu da 2015-ci ildə daxil olmuş vəsaitdən 1,7 dəfə, 2007-2013- cü illərdə ümumilikdə daxil olmuş vəsaitdən isə 1,3 dəfə çoxdur.

2016-cı ilin altı ayında Dövlət Xidmətinin yerli qurumları tərəfindən bitkiçilik məhsullarından götürülmüş nümunələrin ekspertizası zamanı 9 halda karantin tətbiq edilən zərərli orqanizmlər və 78 halda nizamlanan zərərli orqanizmlər aşkarlanıb, zərərli orqanizmlər müəyyən edildiyinə görə 48 ton kartof ixracatçı ölkəyə geri qaytarılıb, 971 ton ərzaqlıq qarğıdalı xüsusi aqreqatlar vasitəsilə təmizləndikdən sonra istifadəsinə icazə verilib. Təxminən 97 min ton yük, 1 milyon 470 min kubmetr taxta materialı, obyekt və boş anbar sahəsi zərərsizləşdirilib, 90 tona yaxın məhsul dövriyyədən çıxarılaraq məhv edilib.

Qeyd olunub ki, respublika ərazisində ilk dəfə 2014-cü ildən başlayaraq karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədilə beynəlxalq standartın tələbinə uyğun hazırlanmış təcrid və ləğvedici tədbirlər üzrə milli proqramlar uğurla davam etdirilir.

Təkcə kartof güvəsinə qarşı respublikanın qərb və cənub bölgələrində həyata keçirilən təcrid və ləğvedici tədbirlər nəticəsində kartof güvəsinin vurduğu itkinin miqdarı 90 faizə qədər azalıb.

Ultrakiçikhəcmli və digər müasir çiləyici aqreqatların hesabına pestisidlərlə işləmələrin texnoloji prosesi təkmilləşdirilib, mübarizə tədbirlərinin səmərəliliyi və gündəlik iş həcmi dəfələrlə artıb. İnsan sağlamlığının, flora və faunanın qorunması sahəsində bütün mübarizə üsullarını (aqrotexniki, mexaniki, fiziki, kimyəvi, karantin) özündə birləşdirən inteqrir tədbirlər genişləndirilib. Şəki-Zaqatala bölgəsində taxıl sahələrinin, Gəncə-Qazax bölgəsində üzüm bağlarının və kartof sahələrinin inteqrir mübarizə tədbirlərinin texnoloji xəritələri hazırlanaraq, fermerlərə və torpaq mülkiyyətçilərinə təqdim olunub. Bu istiqamətdə maarifləndirmə işləri davam etdirilir.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ilk dəfə olaraq 2015-ci ildə qabaqcıl beynəlxalq təcrübədə ən səmərəli vasitələrdən biri kimi qəbul edilən bioloji mübarizə üsulu əsasında bitki mühafizəsi sahəsində iqtisadi və sosial səmərənin təmin edilməsi üçün dövlət xidmətinin Abşeron rayonlararası bioloji laboratoriyasında trixoqrammanın istehsalı bərpa olunub. İmişli rayonunda fəaliyyət göstərən "MKT İK” MMC-yə məxsus 300 hektar əkin sahəsində isə bioloji mübarizənin tətbiqi uğurla həyata keçirilib, pestisidlərin tətbiqindən tam imtina edilib, nəticədə məhsulun maya dəyərinin azaldılması ilə yanaşı, aqrobiosenozlarda mövcud olan "bitki-fitofaq-entomofaq" sistemi qorunaraq saxlanılıb. Cari ildə də bioloji mübarizə tədbirləri aparılıb.

Kollegiya iclasında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin ayrı-ayrı qurumlarının fəaliyyətində yol verilmiş nöqsanlar da geniş müzakirə olunub. Qeyd edilib ki, Bakı-Abşeron, Gəncə, Xaçmaz, Kürdəmir, Yevlax, Tovuz, Biləsuvar rayonlararası bitkilərin karantini məntəqələri tərəfindən fitosanitar tədbirlərinin aparılmasında ciddi nöqsanlara yol verilib, karantin nəzarətində olan yüklərə fitosanitar karantin baxışının keçirilməsi qaydaları pozulub. Məntəqələrin rəhbərləri mövcud nöqsanların aradan qaldırılmasını vaxtında təmin etməmiş və mənşəyi məlum olmayan kənd təsərrüfatı məhsullarının tranzitinə, eləcə də ölkə daxilində dövriyyəsinə məqsədyönlü şəkildə şərait yaratmışlar. Hətta bəzi hallarda sahibkarlara kömək adı ilə ayrı-ayrı işbazlarla əlbir olaraq onların qeyri-qanuni fəaliyyətlərinə də şərait yaratmağa cəhdlər göstəriblər. Dövlət Xidməti tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində müşahidə olunan qanunsuz əməllərin qarşısı əksər hallarda alınsa da, nöqsanların tamamilə aradan qaldırılması üçün daha ciddi tədbirlərin görülməsinə ehtiyac duyulur.

Həmçinin diqqətə çatdırılıb ki, Ağdam, Ağstafa, Ağcabədi, Ağdaş, Qazax, Bərdə, Goranboy, Lerik, Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qəbələ, Siyəzən və Şəmkir rayonlarında bitki mühafizəsi tədbirlərinin və fitosanitar nəzarətin səviyyəsi aşağı olub. Bitki mühafizə mərkəzləri tərəfindən siçanabənzər gəmiricilərə qarşı uçot və müşahidə işlərinin müəyyən edilmiş metodikaya uyğun aparılmaması, zərərvericinin populyasiyası barədə dəqiq və vaxtında məlumatın verilməməsi, habelə mübarizə üsullarının düzgün təşkil edilməməsi tədbirlərin səmərəliliyini azaldıb. Bu rayonlarda xarab olmuş və əhalinin sağlamlığına təhlükə yarada bilən kənd təsərrüfatı məhsullarının aşkar edilib zərərsizləşdirilməsi sahəsində də təsirli tədbirlər görülməyib.

Kollegiyanın qərarı ilə işdə yol verdiyi ciddi nöqsanlara görə Bakı-Abşeron rayonlararası bitkilərin karantini məntəqəsinin müdiri və əmək funksiyalarını lazımi səviyyədə yerinə yetirmədiklərinə görə həmin məntəqənin 3 aparıcı müfəttişi vəzifəsindən azad edilib. Altı rayonlararası bitkilərin karantini məntəqəsinin müdirlərinə və 3 rayon bitki mühafizə mərkəzinin rəislərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 12 rayon bitki mühafizə mərkəzinin rəislərinə töhmət verilib, 10 rayon bitki mühafizə mərkəzinin rəislərinə isə xəbərdarlıq edilib.

Sonra Dövlət Fitosanitar Nəzarəti Xidmətinin strukturunun təkmilləşdirilməsi ilə bağlı müvafiq qərar qəbul edilib.

Kollegiyaya yekun vuran kənd təsərrüfatı naziri Heydər Əsədov Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi, ölkədə fitosanitar vəziyyətin sabitliyinə nəzarətin gücləndirilməsi, kadr hazırlığının səviyyəsinin yaxşılaşdırılması, şəffaflığın və hesabatlılığın daha da artırılması məqsədilə konkret tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.