MƏDƏNİYYƏT


Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları Rusiyadan fəxri ad və mükafatlarla qayıdıblar

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) yaradıcı heyəti Rusiya Federasiyasının Kalmıkiya Respublikasında qastrol səfərini uğurla başa vuraraq Vətənə dönüb. Budəfəki qastrol səfəri B.Basanqov adına Kalmık Milli Dram Teatrının 80 illik yubileyinə təsadüf edib.

ADGTT-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yubiley gecəsində Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının, Rusiya Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, mədəniyyət müəssisələrinin və digər teatrların kollektivləri iştirak ediblər.

Yubiley mərasimi Kalmık Milli Dram Teatrının yaranmasından bəhs edən videoçarxla başlayıb. Kalmıkiya Respublikası rəhbərinin, Xalq Xuralı (parlament) sədrinin, şəhər merinin və digər dövlət rəsmilərinin çıxış etdikləri mərasimdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov həmkarlarını 80 illik yubiley münasibətilə təbrik edib, Rusiya-Azərbaycan teatr əlaqələrinin inkişafında müstəsna rol oynayan iki respublikanın teatr kollektivinin yaradıcılıq münasibətlərini yüksək qiymətləndirib. O, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kalmık Milli Dram Teatrına ünvanladığı təbrik məktubunu kollektivə təqdim edib. Sonra isə Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktyorları İlham Əsədov və Səbinə Məmmədovanın ifasında ölməz Üzeyir Hacıbəylinin əsərlərindən ibarət kompozisiya təqdim olunub.

Qastrol çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarından bolqar yazıçısı P.Pançevin “Dörd əkizin nağılı”, ötən ay Kalmık teatrının yaradıcı heyətinin ölkəmizdə qonaq olarkən ifa etdiyi “Qohumlar” tamaşası göstərilib.

Kalmık Milli Dram Teatrının bədii rəhbəri, Rusiya Federasiyası və Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Boris Manciyevin hazırladığı, B.Basanqovun “Təəccüb doğuran hadisə” əsərinin motivləri əsasında Ə.Əmirli və V.Şuqrayevanın səhnə üçün işlədikləri “Qohumlar” tamaşası bu dəfə də eksperiment şəklində təqdim olunub. Tamaşada əsas rollar Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti, kütləvi səhnələr isə Kalmık teatrının aktyorları tərəfindən ifa edilib.

Qastrol səfərinin bağlanış mərasimində Əməkdar Artist Şövqi Hüseynov və aktyor İlham Əsədov “Kalmıkiya Respublikasının Əməkdar Artisti” fəxri adına, aktyor Elnur Kərimov “Stanislavski” medalına layiq görülüblər. Bundan başqa, Əməkdar artistlər Naibə Allahverdiyeva, Nəsibə Eldarova, aktyorlar Elnur Hüseynov, Sona Babayeva, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova, Səbinə Məmmədova, Mehriban Hüseynova, Ramil Məmmədov Kalmıkiya və Azərbaycan arasında “Mədəni əlaqələrin genişləndirilməsi və inkişafındakı” xidmətlərinə görə Kalmıkiya Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Teatr Xadimləri İttifaqının diplomları və fəxri fərmanları ilə təltif olunublar.

Mükafatlandırma mərasiminin sonunda B.Basanqov adına Milli Dram Teatrının baş direktoru Q.Şurayeva və bədii rəhbəri B.Mandjiyev qarşılıqlı qastrol səfərlərinin uğurundan danışaraq, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə təşəkkür ediblər. ADGTT-nin direktoru Mübariz Həmidov, teatrın baş rejissoru Bəhram Osmanov iki ölkə teatrları arasında yaradıcılıq əlaqələrinin davam etdiriləcəyinə və yeni layihələrin həyata keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

Qastrol səfərindən sonra ADGTT-nin baş rejissoru B.Osmanovun quruluşunda Kalmık Milli Dram Teatrının truppası ilə növbəti tamaşanın hazırlanmasına start verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.