İQTİSADİYYAT


Dövlət Gömrük Komitəsi ilə Dünya Gömrük Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsi ilə Dünya Gömrük Təşkilatı arasında qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr sentyabrın 20-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin Dünya Gömrük Təşkilatının (DGT) Potensialın Gücləndirilməsi İdarəsinin direktor müavini xanım Brenda Mundianla və DGT-nin Ticarətin sadələşdirilməsinin tətbiqi proqramının koordinatoru xanım Johanna Torstromla görüşü zamanı aparılıb.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev müstəqil Azərbaycanın gömrük sisteminin beynəlxalq təşkilatlarla, xüsusilə Dünya Gömrük Təşkilatı ilə qarşılıqlı əlaqələrinə toxunub, əməkdaşlığın hazırki vəziyyətindən razılıqla söhbət açıb. Artıq DGT-nin bir sıra beynəlxalq tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyini, eləcə də DGT-nin Regional Tədris və Kinoloji mərkəzlərinin, Potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Azərbaycanda fəaliyyət göstərdiyini məmnunluqla diqqətə çatdıran komitə sədri gələcəkdə də bu cür tədbirlərin respublikamızda keçiriləcəyinə ümidvar olduğunu bildirib, qarşılıqlı əməkdaşlığın gələcək perspektivlərindən bəhs edib.

Azərbaycan Gömrük Xidmətinin bugünkü inkişaf trayektoriyasından da ətraflı söhbət açan DGK sədri Aydın Əliyev 25 yaşı tamam olacaq müstəqil Azərbaycan gömrüyünün artıq təkmil bir struktura çevrildiyini diqqətə çatdırıb, gömrük sistemində kadr potensialının gücləndirilməsi ilə bağlı məsələlərin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

“Hər bir uğurlu fəaliyyətin arxasında peşəkar kadr dayanır”, - deyə sözünə davam edən DGK sədri Aydın Əliyev bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs edib, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə bir sıra beynəlxalq tədbirlərin məhz Azərbaycanda keçirildiyini, təşkilatın Bakıda ofisinin də fəaliyyət göstərdiyini bildirib, ümumiyyətlə gələcəkdə bu kimi tədbirlərin gerçəkləşməsində DGT-nin də dəstəyini vacib bir amil kimi xarakterizə edib.

Son dövrlər ərzində Azərbaycan gömrük xidmətinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirdiyi uğurlu əməliyyatlardan da söhbət açan Aydın Əliyev mübarizənin effektivliyinin daha da artırılmasında qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edib, DGT-nin təşkilatçılığı ilə region dövlətləri üçün seminarların keçirilməsinin zəruriliyini vurğulayıb.

Dünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi İdarəsinin direktor müavini xanım Brenda Mundia Azərbaycana səfərindən məmnunluğunu bildirib.

Təmsil etdikləri təşkilatda Azərbaycan Gömrük Xidmətinin fəal rolunu yüksək qiymətləndirən qonaq DGT ilə respublikamızın gömrük sistemi arasında əlaqələrin müsbət məcrada inkişafından razılıqlarını ifadə edib, DGT-nin Azərbaycanda mövcud olan mərkəzlərinin və ofisinin fəaliyyətinin səmərəliliyinin daha da artırılması ilə bağlı gələcək perspektivlərdən söhbət açıb.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.