İQTİSADİYYAT
Dövlət Gömrük Komitəsi rəhbərliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüşü olub
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 1-də “Hyatt Regency Baku” otelində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi rəhbərliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüşü keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkil etdiyi görüşdə təşkilatın Azərbaycandakı nümayəndəliyinin icraçı direktoru Tobias Baumann bu il rəhbərlik etdiyi qurum tərəfindən keçirilən biznes sorğularında uğurlu nəticələrin əldə olunduğunu söyləyib. O, gömrük sahəsində aparılan islahatların sorğularda yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Sonra biznes nümayəndələri təmsil etdikləri qurumlar və istehsal etdikləri məhsullar barədə məlumat veriblər.
Görüşdə “Yaşıl dəhliz” mövzusunda məruzə ilə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov “yaşıl dəhliz” sisteminin gömrük işində xarici ticarət münasibətləri sahəsində tətbiq olunan ən müasir üsullardan biri olduğunu bildirib. Şahin Bağırov bu sistemin tətbiqi ilə bağlı mövcud qanunvericilik bazası, onun tətbiqinin texnoloji ardıcıllığı, gömrük orqanları və biznes subyektlərinə faydaları barədə məlumat verib. Bildirib ki, yeni sistemin tətbiqi ticarətin asan və sürətli həyata keçirilməsinə, malların sərhədkeçmə və təyinat nöqtəsinə çatdırılma prosesinə sərf olunan vaxta qənaət edilməsinə, gömrük-biznes əməkdaşlığının gücləndirilməsinə münbit şərait yaradır.
Daha sonra Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev çıxış edərək bildirib ki, dünya iqtisadiyyatında baş verən iqtisadi böhranın Azərbaycana təsirlərini minimuma endirmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar davamlı xarakter alıb. Gömrük sahəsində şəffaflığın artırılması və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən bir sıra fərman və sərəncamlar imzalanıb. Komitə sədri “elektron bəyannamə” sisteminin ötən ilin may ayının 4-dən qısa zaman kəsiyində uğurla tətbiqinə başlanıldığını, gömrük orqanları tərəfindən artıq 11 adda elektron xidmətin göstərildiyini və indiyə qədər 600.000 elektron bəyannamənin emal edildiyini diqqətə çatdırıb.
Aydın Əliyev son illər beynəlxalq miqyasda baş verən iqtisadi böhran və neftin qiymətinin aşağı düşməsi fonunda Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə qabaqlayıcı tədbirlərin həyata keçirildiyini, qeyri-neft sektorunun elmi əsaslara və iqtisadi təhlillərə söykənərək inkişaf etdirilməsi üçün mühüm addımlar atıldığını söyləyib.
Daxili istehsalın qorunması, sahibkarlara münbit şəraitin yaradılmasının nəticəsi olaraq son iki ildə Azərbaycanda qeyri-neft sektorunun payının sürətlə artdığını vurğulayan Komitə sədri bu ilin 4 ayı ərzində idxalın ötən ilin müvafiq dövrü ilə müqayisədə 430 milyon ABŞ dolları həcmində aşağı düşdüyünü, bir sıra MDB və körfəz ölkələrinə ixrac olunmasına başlanılan meyvə-tərəvəz məhsullarının ixracının çəki baxımından 61,7 faiz artdığını, idxalının isə 16 faiz azaldığını bildirib. Aydın Əliyev bir sıra kənd təsərrüfatı məhsullarının ixrac-idxal əməliyyatlarındakı miqdarı ilə bağlı məlumat verərək Azərbaycan iqtisadiyyatının ixrac potensialının sürətlə artdığını vurğulayıb.
Dövlət Gömrük Komitəsinin biznes nümayəndələri ilə hər zaman açıq dialoqa hazır olduğunu söyləyən Komitə sədri onu da vurğulayıb ki, Azərbaycan Gömrük Xidməti ölkənin iqtisadi təhlükəsizliyinin təminatı, sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması istiqamətində bütün imkanlarını bundan sonra da səfərbər edəcək, dövlətin çiçəklənməsi, əhalinin rifah halının yüksəldilməsi üçün əzmlə çalışacaq.
Görüşün sonunda sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.