İQTİSADİYYAT


Dövlət Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes-forum keçirib

A+ A

Bakı, 21 sentyabr, Elvin Camalov, AZƏRTAC

Sentyabrın 21-də “Caspian European Club” (Сaspian Business Club) çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin iştirakı ilə biznes-forum təşkil olunub.

AZƏRTAC xəbər verir ki, biznes-forumda Azərbaycan, Qazaxıstan, Rusiya və Türkiyədən 130-dan çox biznesmen, o cümlədən Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, bu cür görüşlər nəticəsində Gömrük Komitəsi ilə şirkətlər arasında münasibətlər yaranır, mövcud problemlər səsləndirilir və onların həlli yolunda addımlar atılır.

DGK-da aparılan islahatlar barədə məlumat verən A.Əliyev qeyd edib ki, bu islahatlar nəticəsində sahibkarlığın və qeyri-neft sektorunun inkişafı, həmçinin gömrükdə şəffaflıq müşahidə olunur.

“Biz, həmçinin Azərbaycandan xəz dərinin çıxarılmasına görə gömrük rüsumunun tutulmasını təklif edirik. Bununla bağlı ölkə hökumətinə təklif göndərilib. Təklif müzakirə olunur, fikrimcə yaxın gələcəkdə qəbul olunacaq. Bizdə xəz dəri emalı müəssisəsinin olmadığını nəzərə alsaq, sahibkarlar gömrük rüsumunu ödəmədən xammalı xaricə ixrac edirlər”, - deyə A.Əliyev vurğulayıb.

Biznes-forum zamanı biznes nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, problemlər və onların həlli ilə bağlı təkliflər dinlənilib. Bizneslə Dövlət Gömrük Komitəsinin rəhbərliyi arasında yaradılmış konstruktiv dialoq zamanı birgə işgüzar komitə yaradılıb. Bu komitə “Caspian European Club”un (Caspian Business Club) üzv şirkətlərinin xahiş və təkliflərinə operativ qaydada reaksiya verəcək.

Biznes-forumda “www.caspianenergy.org” saytında açıq şəkildə keçirilmiş seçkilərdə qalib gələn Caspian European Club-un (Caspian Business Club) İdarə Heyətinin yeni tərkibi elan edilib.

Biznes-forumun yekununda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev “Caspian European Club”un (Caspian Business Club) sədrin birinci müavini və baş icraçı direktoru Telman Əliyevə “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanını təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.