CƏMİYYƏT
Dövlət Gömrük Komitəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd edilib
Bakı, 4 may, Elvin Camalov, AZƏRTAC
Mayın 4-də Dövlət Gömrük Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bildirib ki, bu günlərdə bütün Azərbaycanda, eləcə də ölkə hüdudlarından uzaqlarda xalqımızın dahi oğlu Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilir. Bu münasibətlə Dövlət Gömrük Komitəsinin Mərkəzi Aparatı və yerli orqanlarında da müvafiq tədbirlər təşkil olunur.
DGK sədri vurğulayıb ki, müstəqil Azərbaycanın banisi ulu öndər Heydər Əliyev hər bir azərbaycanlının həyatında dərin iz qoyub. Onun istər keçmiş SSRİ dövründə, istərsə də müstəqillikdən sonra xalqının işıqlı gələcəyinə həsr etdiyi ömür, Azərbaycanın beynəlxalq aləmdə özünə layiqli yer tutması istiqamətində atdığı qətiyyətli addımlar bu gün öz bəhrəsini verməkdədir. Ulu Öndər torpaqları işğal təhlükəsi altında olan, iqtisadi baxımdan tənəzzülə uğrayan bir ölkəni daxili çəkişmələrdən, vətəndaş müharibəsindən xilas edərək dərin iqtisadi təməllərə söykənən, siyasi, iqtisadi, mədəni sahələrdə regionun lider dövlətinə çevirdi. Biz bu dahi insanın qurub-yaratdığı, dünyaya tanıtdığı ölkənin vətəndaşıyıq. Heydər Əliyev öz vətənpərvərlik, mərdlik, yorulmazlıq, mübarizlik nümunəsi ilə həmişə hər birimizin Prezidenti olub.
Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı üçün misilsiz xidmətlərindən danışan komitə sədri daha sonra bildirib ki, dahi rəhbərin müstəqil Azərbaycana miras qoyduğu dəyərlərdən biri də gömrük xidmətidir. Belə ki, Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması və daha da inkişaf etdirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Gömrük işçiləri ilə keçirdiyi görüşlər, gömrük işinin inkişafı üçün həyata keçirdiyi məqsədyönlü tədbirlər bundan sonra da Azərbaycan gömrükçülərinin yaddaşlarından silinməyəcək.
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev Heydər Əliyevin Azərbaycan xalqı, dövləti üçün gördüyü işlər barədə videokadrlarla tədbir iştirakçılarına məlumat verib. O, Ulu Öndərin müstəqilliyimizin ilk illərindən öz həyatını dəfələrlə təhlükə altına qoyaraq atdığı qətiyyətli addımlardan ətraflı bəhs edib.
DGK sədri Aydın Əliyev əminliklə qeyd edib ki, Ulu Öndərdən əmanət qalan müstəqil Azərbaycanın iqtisadi təhlükəsizliyinin və maraqlarının qorunmasında gömrük əməkdaşları bundan sonra da öz səylərini əsirgəməyəcək, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tərəqqisi naminə qarşıya qoyulan bütün məqsəd və vəzifələrin həyata keçirilməsi istiqamətində daha qətiyyətli addımlar atacaqlar.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 yanvar 2016-cı il tarixli Sərəncamı əsasında təltif edilən Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşına orden və medallar təqdim olunub.