İQTİSADİYYAT
Dövlət Gömrük Komitəsinə yeni avadanlıqlar təqdim olunub
Bakı, 18 yanvar, Elvin Camalov, AZƏRTAC
Yanvarın 18-də Bakı Baş Gömrük İdarəsində Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə sərhədkeçmə prosesində sanitar və fitosanitar nəzarətinə düşən malların müvafiq olaraq müayinə edilməsi məqsədilə yeni avadanlıqlar təqdim olunub.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İsakzai, Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Malena Mard və digər rəsmi şəxslər iştirak edib.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycan Gömrük Xidmətinin 25 illik fəaliyyətindən bəhs edib, gömrük xidmətinin təşkili sahəsində görülən işlər, gömrük orqanlarının nailiyyətləri və son illər gömrük sahəsində aparılan mütərəqqi islahatlar barədə məlumat verib. Bildirib ki, əldə olunan uğurlar ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gömrük siyasətinin və Prezident İlham Əliyevin bu sahəyə hərtərəfli diqqət və qayğısının nəticəsidir.
Sədr qeyd edib ki, komitənin qarşısında duran 5 əsas məsələdən biri də beynəlxalq əməkdaşlığı gücləndirməkdir. Azərbaycan Gömrük Xidmətinin gömrük işinin təşkili sahəsində daim mütərəqqi ideyalara, qabaqcıl təcrübələrə xüsusi önəm verir. Bu məqsədlə Dünya Gömrük Təşkilatı və digər mötəbər qurumlar, gömrük işinin təşkilində qabaqcıl təcrübəyə malik ölkələrlə qarşılıqlı səmərəli əlaqələr qurulur. 25 illik qısa zaman kəsiyində Azərbaycan gömrüyü mühüm nailiyyətlər əldə edib və bu nailiyyətlərin qazanılmasında digər mötəbər qurumlarla yanaşı, Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqının da xüsusi rol oynadığını diqqətə çatdırıb.
A.Əliyevin sözlərinə görə bu ilin yazında Azərbaycan və Gürcüstan arasında “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinin inkişafı üçün, sanitar və fitosanitar yoxlamaları gücləndirmək üçün yeni avadanlıqlar istifadəyə veriləcək. Ümumilikdə bu layihənin dəyəri 1 milyon 330 min avrodur. Layihənin icrasına 2016-cı ilin aprel ayında başlanılıb və 2 il müddətinə nəzərdə tutulub.
Gömrük orqanlarının 25 illik yubileyi münasibətilə təbriklərini çatdıran BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İsakzai ötən müddət ərzində Azərbaycan Gömrük Xidmətinin mühüm nailiyyətlər əldə etdiyini, bu uğurların Azərbaycan Prezidentinin rəhbərliyi altında aparılan səmərəli fəaliyyətin nəticəsi olduğunu bildirib.
Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Malena Mard da təbriklərini çatdıraraq təmsil etdiyi qurumla Azərbaycan Gömrük Xidməti arasında səmərəli əlaqələrin qurulduğunu bildirib və bu əlaqələrin gələcəkdə də faydalı əməkdaşlıq şəraitində davam etdiriləcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, yeni avadanlıqlar Dövlət Gömrük Komitəsinə “Azərbaycan və Gürcüstan arasında “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi çərçivəsində təqdim edilib.
Xatırladaq ki, layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən birgə icra olunur.
Layihədə əsas məqsəd Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlığı inkişaf etdirmək, ticarəti asanlaşdırmaq, sərhədlərdə sanitar və fitosanitar yoxlamaları gücləndirmək, həmçinin “Sınıq Körpü” sərhəd-keçid məntəqəsini daha yaxşı infrastruktur və müasir texnologiya ilə təmin etməkdir.
Təqdimat mərasimi zamanı “Gömrük-sərhəd buraxılış məntəqələrində sanitar-radioloji nəzarətin inkişaf etdirilməsi” layihəsi çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən və “İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi” (EXBS) proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti tərəfindən Dövlət Gömrük Komitəsinə bu günədək verilən avadanlıqların sərgisinə baxış keçirilib.
Tədbirdən sonra Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev və komitə sədrinin müavinləri Bakı Baş Gömrük İdarəsinin rəsmiləşdirmə zalında olub, yaradılan şəraitlə maraqlanıb, sahibkarlarla söhbət edərək gömrük sahəsində tətbiq edilən yeniliklər barədə onların rəyini öyrəniblər. Sahibkarlar tətbiq edilən yeniliklər, gömrük idarələrində yaradılan şərait və biznes-gömrük əməkdaşlığından məmnunluqlarını ifadə ediblər.