ELM VƏ TƏHSİL
Dövlət Gömrük Komitəsinin Akademiyası fəaliyyətə başladı
AZƏRTAC xəbər verir ki, mərasimdən əvvəl Dövlət Gömrük Komitəsinin əməkdaşları, akademiyanın rəhbər işçiləri və tələbələr Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdilər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olundu.
Sonra Şəhidlər xiyabanına gələn komitə əməkdaşları və akademiyanın rəhbərliyi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər.
Dövlət Gömrük Komitəsi Akademiyasının açılış mərasimi Azərbaycanın Dövlət himninin səslənməsi və Dövlət bayrağının ucaldılması ilə başladı.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev çıxış edərək akademiyaya qəbul olunan tələbələri təbrik etdi, onların valideynlərinə gözaydınlığı verdi. S. Mehdiyev akademiyada təcrübəli pedaqoji kollektivin formalaşdığını, müasir tələblərə uyğun tədris proqramının yaradıldığını, auditoriyalarda müasir İKT sistemi qurulduğunu diqqətə çatdırdı, gələcəkdə nəzərdə tutulan tədbirlərdən danışdı.
Akademiyanın müəllimi Çingiz İsmayılov, valideyn Şəlalə Məhərrəmova, qəbul imtahanında yüksək bal toplayan tələbə Neman Həsənzadə Azərbaycan dövləti tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan söz açdılar, yeni təhsil ocağının yaradılmasında xidməti olan hər kəsə minnətdarlıq etdilər.
Tədbirdə akademiyanın məram və prinsipləri, tətbiqi nəzərdə tutulan tədris üsulları, gömrük işinin təşkilində yüksək ixtisaslı kadrlara olan tələbat haqqında məlumat verildi. Bildirildi ki, akademiyaya bu il qəbul olan 40 tələbə iqtisadiyyat və hüquqşünaslıq ixtisaslarına yiyələnəcək. Gələcəkdə ixtisasların sayının artırılması və təhsilin əsasən ingilis dilində tədrisi planlaşdırılır. Tələbələrdən 20-si dövlət sifarişi əsasında ödənişsiz təhsil alacaq. Təhsil prosesi əsasən elektron variantda həyata keçiriləcək.