CƏMİYYƏT


Dövlət Gömrük Komitəsinin Akademiyasında yeni dərs ilinin başlaması ilə əlaqədar mərasim keçirilib

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında yeni dərs ilinin başlaması ilə əlaqədar mərasim keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərasim Azərbaycanın Dövlət himninin səslənməsi və Dövlət bayrağının ucaldılması ilə başlayıb.

Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov yeni dərs ilinin başlaması münasibətilə akademiyanın müəllim və tələbə heyətini təbrik edərək bildirib ki, Prezident İlham Əliyev ölkəmizin davamlı inkişaf strategiyasında təhsili ən vacib amillərdən biri kimi müəyyənləşdirib və bu sahənin inkişafına xüsusi olaraq diqqət göstərir. 3 il əvvəl fəaliyyətə başlayan Dövlət Gömrük Komitəsinin Akademiyasında tədris prosesinin ən müasir tələblər səviyyəsində qurulduğunu vurğulayan Şahin Bağırov ölkəmiz üçün vətənpərvər, savadlı, öz peşəsinin bütün incəliklərinə dərindən bələd olan kadrlar yetişdirilməsi istiqamətində bütün zəruri addımların atıldığını bildirib.

Ş.Bağırov yeni yaradılmasına baxmayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasında keyfiyyətli dərs prosesinin təşkili üçün bütün zəruri şəraitin yaradıldığını və tədris ocağının qısa vaxt ərzində özünə layiqli yer tutduğunu vurğulayıb. DGK sədrinin müavini akademiyada təhsil alan tələbələrin tezliklə cəmiyyətdə özlərinə layiqli yer tutacaqlarına, dövlətimizin, ölkəmizin inkişafına öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib.

Mərasimdə akademiyanın rəhbərliyi, müəllim və tələbələr çıxış edərək təbriklərini çatdırıblar.

Daha sonra akademiyaya bu il qəbul olunan tələbələrin valideynləri ilə görüş keçirilib, onlara bu təhsil ocağı barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyasında tədris hüquq və iqtisadiyyat ixtisasları üzrə aparılır. Bu il 43 abituriyent bu təhsil ocağının müdavimi adını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.