REGİONLAR
Dövlət Gömrük Komitəsinin sədri Qubada vətəndaşları qəbul edib VİDEO
Quba, 24 fevral, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev fevralın 24-də Quba şəhərindəki Heydər Əliyev Mərkəzində şimal bölgəsindən olan vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbul zamanı bölgədə yerləşən Şabran, Quba, Qusar, Xaçmaz rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətlərinə baxılıb.
Vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul, gömrük keçid məntəqələrinin vəziyyəti, malların idxal və ixracı və bununla əlaqədar sənədləşmə qaydaları ilə bağlı olub.
Komitə sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.