REGİONLAR
Dövlət Gömrük Komitəsinin sədri Saatlıda vətəndaşları qəbul edib
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq noyabrın 18-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Saatlı şəhərindəki Gənclər Mərkəzində vətəndaşları qəbul edib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbulda bölgədə yerləşən - Saatlı, Sabirabad, İmişli, Beyləqan rayonlarının və Şirvan şəhərinin sakinlərinin müraciətləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.