CƏMİYYƏT
Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidenti Beynəlxalq İnkişaf və Təhsil Mükafatının qalibidir
Bakı, 20 iyun, AZƏRTAC
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda rezidentlər üçün hər cür şərait yaradılıb. Rezidentlərin tədris proqramlarından əlavə yeni biliklər əldə etməsi üçün beynəlxalq təhsilə xüsusilə böyük diqqət verilir, Səhiyyə Nazirliyinin dəstəyi ilə institutun rezidentləri bir sıra xarici ölkələrin nüfuzlu ali tibbi təhsil ocaqlarında rotasiya kursları keçirlər.
AZƏRTAC xəbər verir ki, indiyə qədər institutun bir neçə kafedrasının 100-ə yaxın rezidenti Almaniya, Türkiyə, Belarus və Rusiyanın nüfuzlu tibb təhsili müəssisələrində rotasiya kurslarında iştirak ediblər. ASCO (American Society of Clinical Oncology) və CCF (Conquer Cancer Foundation) tərəfindən təşkil olunan Beynəlxalq İnkişaf və Təhsil Mükafatı – İDEA ( İnternational Development and Education Award) proqramının 2017-ci il Azərbaycan üzrə qalibi onkologiya kafedrasının 4-cü kurs rezidenti Zülfiyyə İmamquliyeva olub. Həmin mükafat ona 53-cü ASCO İllik Toplantısında iştirak etmək və Ohayo ştatında yerləşən Klivlend klinikasında hematologiya-onkologiya ixtisası üzrə təcrübə keçmək imkanı qazandırıb. O, hematologiya-onkologiya, süd vəzi və baş-boyun üzrə keçirilən sessiyalarda iştirak edib və Klivlend klinikasında sümük iliyi transplantasiyası şöbəsində təcrübə keçib.
Azərbaycanlı rezident haqqında məlumat “2017 Grant & Award Recipient” jurnalında İDEA proqramının 24 ölkə üzrə seçilən qalibləri sırasında dərc olunub və ona CCF və Klivlend klinikası tərəfindən sertifikat təqdim edilib.