CƏMİYYƏT
Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçuları üçün təlim mərkəzi açılıb
Bakı, 8 dekabr, AZƏRTC
Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçuları üçün təlim mərkəzinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, mərkəz “Azərbaycan Respublikasında dövlət qulluğu təliminə dəstək” layihəsi əsasında, BMT və Avropa İttifaqının dəstəyi ilə açılıb.
Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin artırılmasında əldə edilən uğurlardan danışıb. O, belə bir mərkəzin açılmasının bu işə öz töhfəsini verəcəyini söyləyib.
Rektor əlavə edib ki, ölkəmizin davamlı inkişaf edən cəmiyyətin qurulması istiqamətində qazandığı uğurlar insan potensialının yüksək səviyyədə formalaşdırılması və səfərbər edilməsi ilə bağlıdır. O, dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında dövlət və onun institutlarının, xüsusilə də peşəkar dövlət qulluğu sisteminin rolunu xüsusi vurğulayıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai bildirib ki, təmsil etdiyi təşkilat dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün Azərbaycan hökumətinə daim yardım edəcək. O, dövlət qulluqçularının peşəkarlığının təkmilləşdirilməsində təlim mərkəzinin əhəmiyyətindən danışaraq deyib ki, bu mərkəzdən digər region ölkələri də yararlana bilər.
Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Malena Mard deyib ki, Aİ Azərbaycanda dövlət idarəçiliyi və bu sahədə bacarıqların təkmilləşməsi prosesinə daim dəstək verir. O, Avropa İttifaqının müvafiq proqramlarını və layihələrini qeyd edib.