ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının növbəti iclası keçirilib
Bakı, 11 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.
İclasda Şuranın sədri Məleykə Abbaszadə, sədrin müavinləri Namiq Babayev, Bəhram Xəlilov, üzvləri Ceyhun Bayramov, Niyazi Hacıyev, Kamil Aydazadə və Mərkəzin icraçı direktoru Vəfadar Misirov iştirak ediblər.
İclasın gündəliyi əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) gördüyü işlər barədə hesabatın dinlənilməsindən ibarət olub.
İclasda çıxış edən B.Xəlilov vurğulayıb ki, komissiya tərəfindən vakant dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə cari il fevralın 9-da, martın 11-də və 18-də elan edilmiş müsabiqə iyulun 17-də başa çatıb. Müsabiqəyə 76 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 482 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb və bu vəzifələrin tutulması üçün 7 min 332 vətəndaş komissiyada namizəd kimi qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş namizədlərin 4 min 603 nəfəri müsabiqənin test imtahanı mərhələsində iştirak edib və onlardan 1306 nəfəri müvəffəqiyyət qazanaraq müsahibə mərhələsinə buraxılıb. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ olan 1306 namizəddən 953-ü bu hüquqdan istifadə edən və onlardan 350 nəfəri vakant vəzifələrə uyğun bilinib.
B.Xəlilov test imtahanları mərhələsi zamanı müşahidə olunan əsas problemlərdən biri kimi qeydiyyatdan keçən namizədlərin imtahanlarda iştirak etməməsini göstərib. Namizədlər asanlıqla online rejimdə qeydiyyatdan keçir, hər bir namizədin test imtahanı verməsi üçün vaxt müəyyən olunur və fərdi kompyuter ayrılır. Qeydiyyatdan keçən namizədlərin imtahanda iştirak etməmələri lüzumsuz vaxt itkisinə və test imtahanı mərhələsinin uzanmasına səbəb olur. Bu sahədə digər problem onunla bağlıdır ki, bəzən namizəd vakant vəzifəyə uyğun hesab edilsə də, qanunvericiliyə zidd olaraq dövlət orqanının rəhbəri namizədi müəyyən bəhanələrlə həmin vəzifəyə təyin etmir. Düzdür, belə hallara getdikcə az rast gəlinir. Qeyd edilən problemlərin aradan qaldırılması istiqamətində Şura üzvləri təkliflərini irəli sürüblər.
Sonra iclas iştirakçıları dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının strukturu, məzmunu barədə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, tələblər əmək bazarına uyğun müəyyən olunmalıdır. Müzakirələrdə dövlət qulluğuna qəbul zamanı magistr təhsilinin zəruri olub-olmaması məsələsinə də toxunulub.
Daha sonra M.Abbaszadə tələbə qəbulu ilə bağlı həyata keçirilən imtahanlar barədə qısa məlumat verərək qeyd edib ki, komissiyanın bütün qəbul imtahanlarından əvvəl abituriyentlərin nəticələrinə dair təqdim etdiyi proqnoz imtahanlardan sonra alınmış real nəticələrlə üst-üstə düşür. Bu isə TQDK-nın apardığı statistik təhlilin elmi əsaslara söykənməsi ilə bağlıdır. M.Abbaszadə məruzəsində eksternat qaydasında keçirilən buraxılış imtahanları barədə də məlumat verərək bildirib ki, qeydiyyatdan keçib məlum səbəbə görə bu imtahanlarda iştirak etməyənlərin sayı ildən-ilə çoxalır.