ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının növbəti iclası olub
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının növbəti iclası keçirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, iclasda Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirilmiş müvafiq imtahanlar barədə məlumat verib, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə aparılmış müsabiqənin ilkin nəticələrini təqdim edib.
Eyni zamanda, buraxılış imtahanlarının ilkin nəticələri təqdim edilib, ötən illə müqayisədə nəticələri yaxşılaşmış rayonlar xüsusi qeyd olunub.
İclas iştirakçıları belə qənaətə gəliblər ki, yalnız səylər birləşdirildikdə müsbət nəticələr əldə etmək mümkündür. Belə ki, həm TQDK tərəfindən buraxılış imtahanlarının nəticələri əsasında kolleclərə və V qrup üzrə ali məktəblərə qəbul olunmaq imkanının yaradılması, həm də Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlərin sayəsində buraxılış imtahanlarının nəticələrinin yaxşılaşması müşahidə olunur.
Tədbirdə fikir və təkliflər dinlənilib, müzakirələr aparılıb.