REGİONLAR
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Daşkəsəndə vətəndaşları qəbul edib
Daşkəsən, 8 iyun, Rauf Hacıyev, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq, iyunun 8-də Daşkəsən rayonunda vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbulda Gəncə şəhər, Daşkəsən, Samux, Göygöl və Gədəbəy rayon sakinləri iştirak ediblər.
Əvvəlcə Məleykə Abbaszadə ulu öndər Heydər Əliyevin Daşkəsən rayonunun mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb.
Qəbulda əsasən dövlət qulluğuna və ali təhsilin magistratura səviyyəsinə qəbul, buraxılış imtahanları və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilib. DİM-in səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həllini tapıb, digər müraciətlər araşdırılması və baxılması üçün qeydiyyata alınıb.
Qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.