REGİONLAR
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Füzulidə vətəndaşların müraciətini dinləyib
Füzuli, 19 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin, ərizə və şikayətlərinin qanunauyğun, operativ həlli üçün konkret tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 19-da Horadiz şəhərindəki Muğam Mərkəzində Füzuli, Beyləqan, İmişli və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Bağır Aslanov ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstəsi qoyaraq, dahi rəhbərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbula gələnlər əsasən dövlət qulluğuna işə qəbul, həmçinin DİM-in səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət ediblər.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə hər bir vətəndaşı diqqətlə dinləyib. Bəzi müraciətlər yerindəcə öz həllini tapıb, bir qismi barədə vətəndaşlara ətraflı izahat və məsləhətlər verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.