REGİONLAR
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Kürdəmirdə vətəndaşları qəbul edib VİDEO
Kürdəmir, 21 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin, ərizə və şikayətlərinin qanuna uyğun, operativ həlli üçün konkret tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 21-də Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Kürdəmir, Ucar, Göyçay və Ağsu rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Məleykə Abbaszadə və rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərə dərin ehtiramlarını bildiriblər.
Qəbula gələn vətəndaşlar Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri tərəfindən diqqətlə dinlənilib. Müraciətlər əsasən ümumi orta və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul, sınaq imtahanı, ali təhsil ocaqlarına qəbulla bağlı və magistratura pilləsinə aid olub.
Bəzi müraciətlər yerindəcə öz həllini tapıb, bir qismi barədə vətəndaşlara ətraflı izahat və məsləhətlər verilib. Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Vətəndaşlar qəbulun təşkilinə və yaradılan şəraitə görə razılıqlarını bildirib, bu cür qəbulların təşəbbüsçüsü olan Prezident İlham Əliyevə minnətdarlıq ediblər.