REGİONLAR
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Saatlıda vətəndaşları qəbul edib VİDEO
Saatlı, 24 noyabr, Mahir Babayev, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə noyabrın 24-də Saatlıda vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, rayondakı Gənclər Mərkəzində keçirilən qəbulda Şirvan şəhəri, Saatlı, Sabirabad, Hacıqabul, Salyan və Neftçala rayonlarından olan vətəndaşlar iştirak edib.
Görüşdə əsasən ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin yeni qaydaları, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, bakalavr, magistratura və rezidentura səviyyələrinə qəbul, həmçinin TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər olub.
Komissiyanın səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyat aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılacaq.
Qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.
Vətəndaşlarla görüşdən sonra Saatlı, Sabirabad və İmişli rayonlarının təhsil şöbələrinin rəhbərləri ilə 2015/2016-cı tədris ilində keçirilən imtahanların statistik məlumatları barədə müzakirələr aparılıb.