REGİONLAR
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Zaqatalada vətəndaşları qəbul edib
Zaqatala, 4 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, avqustun 4-də Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində şimal-qərb bölgəsindən olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Məleykə Abbaszadə ümummilli lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla anıb.
Qəbulda Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan 25-ə yaxın sakinin müraciəti dinlənilib. Müraciətlər əsasən, dövlət qulluğuna, ali təhsilin bakalavr və magistratura səviyyəsinə qəbul, təhsil haqqının ödənilməsi, ali təhsil müəssisələrinə ixtisas seçimi və digər məsələlərlə bağlı olub.
DİM-in Direktorlar Şurasının sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılması zəruri olan bəzi məsələlər qeydiyyata alınıb, həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qurumun səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara göndərilmək üçün qeydiyyata götürülüb.