ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi: Magistraturaya plan yerləri 80,92 faiz dolub

Bakı, 22 iyun, AZƏRTAC

2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul 70 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ayrılan 7 703 plan yerinə 6 233 bakalavr (onlardan 2352 nəfəri dövlət sifarişi əsasında) qəbul olub və plan yerləri 80,92 faiz dolub. Ancaq proqramlar üzrə ayrılan plan yerlərinin dolması ilə bağlı göstəricilər fərqlidir. Misal üçün, proseslərin avtomatlaşdırılması, geodeziya və xəritəçilik, kimya, fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyinə, coğrafiya, əczaçılıq və xüsusi təyinatlı hərbi ixtisaslara aid 13, 17, 18, 24, 25, 34, 55, 59, 61, 62, 63, 67 saylı proqramlara ayrılmış plan yerləri 100 faiz dolub.

Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı dağ-mədən mühəndisliyi, filologiya və tərcümə, dinşünaslıq, balıqçılıq sahələrinə aid 29, 39, 41, 43, 51, 52, 69 saylı proqramlara ayrılmış plan yerlərinin 50 faizindən çoxu boş qalıb. Bu proqramlar üzrə plan yerlərinin tam dolmayacağı əvvəlcədən məlum idi. Belə ki, həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərindən az olub.

Qeyd edək ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olanlar iyunun 29-dan iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb edilən sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Magistr proqramları üzrə boş qalan yerləri olan ixtisaslaşmalara müsabiqə yolu ilə yerləşdirmə avqust ayında aparılacaq. Həmin yerlərin siyahısı və müsabiqədə iştirak etmək üçün elektron ixtisas seçimi haqqında elan DİM-in internet saytında və “Magistr” jurnalının növbəti sayında təqdim ediləcək.

Xatırladaq ki, təqdim olunan statistik məlumatlar qəbul olduqdan sonra qeydiyyatdan keçməyənlərə və boş qalan plan yerlərinə əlavə yerləşdirmə aparılacağına görə dəyişəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.