ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi doqquz şəhər və rayonda imtahanlar keçirir
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 5-də Dövlət İmtahan Mərkəzi (DİM) doqquz şəhər və rayonda imtahanlar keçirir.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda təşkil olunan imtahanlar saat 10.00-da başlanıb. İmtahanlarda ümumilikdə 26 min 709 nəfərin iştirakı nəzərdə tutulur.
Bu imtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 17 min 928 nəfər əvvəlki illərin məzunları; ümumi orta təhsil (9 illik) bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 4 min 886 nəfər əvvəlki illərin məzunları; eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan 914 nəfər IX sinif, 2981 nəfər isə XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.
İmtahanlara nəzarətçi-müəllimlər nəzarət edirlər.