ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi ilə “Pearson” PLS təşkilatı arasında Niyyət Məktubu imzalanıb
Bakı, 26 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin “Pearson” PLS təşkilatının nümayəndəsi Mark Couchman ilə görüşü olub.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər arasında ingilis dili üzrə biliklərin qiymətləndirilməsi və müxtəlif peşə sahiblərinin sertifikasiyasının aparılması üzrə əməkdaşlıq imkanları müzakirə edilib.
Müzakirələrin sonunda ingilis dili üzrə bilik və bacarıqların qiymətləndirilməsi sahəsində beynəlxalq imtahanların aparılması, eləcə də müxtəlif peşə sahiblərinin müvafiq kurslara cəlb olunmaqla beynəlxalq standartlara uyğun sertifikasiyasının keçirilməsi layihələrinin hazırlanması barədə razılıq əldə olunub.
Qeyd edilən layihələrin reallaşdırılması üçün tərəflər adından Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M. Abbaszadə və “Pearson” təşkilatının nümayəndəsi M. Couchman Niyyət Məktubu imzalayıblar.
Xatırladaq ki “Pearson” PLS təşkilatı təhsil sahəsində dövlət orqanlarına, institutlara və s. qurumlara müxtəlif xidmətlər göstərir.