ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi iyunun 17-də buraxılış imtahanları keçirəcək

Bakı, 14 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 17-də Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda və Naxçıvan Muxtar Respublikasındakı orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

Həmin gün ümumilikdə 76.636 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 43.781, XI sinif üzrə 32.855 nəfər).

Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15: 00-da başlanır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- “İmtahana buraxılış vərəqəsi”ni;

- şəxsiyyəti təsdiqləyən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

IX siniflərin buraxılış imtahanı haqqında məlumat:

IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 90 imtahan binası ayrılıb.

Həmin gün 43.781 nəfər (Bakıda 32.267, Sumqayıtda 4.362, Abşeronda 3.449, Naxçıvan Muxtar Respublikasında 3.703 nəfər) 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

XI siniflərin buraxılış imtahanı haqqında məlumat:

XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 90 imtahan binası ayrılıb.

Həmin gün 32.855 nəfər (Bakıda 24.302, Sumqayıtda 3.206, Abşeronda 2.378, Naxçıvan Muxtar Respublikasında 2.969 nəfər) 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına, ümumilikdə 264 imtahan rəhbəri, 3.356 nəzarətçi-müəllim ayrılıb. Hazırda imtahan keçiriləcək şəhərlərdə imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.