ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının ikinci mərhələsini keçirib
Bakı, 5 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 5-də 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan saat 11-də başlanıb və 2 saat 30 dəqiqə davam edib. İmtahan prosesinin idarə edilməsi üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, namizədlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İyulun 6-dan etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, rezidenturaya qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Apellyasiya Komissiyası Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Namizədlər Apellyasiya Komissiyasına iyulun 6-dan 8-nə qədər saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə müraciət edə bilərlər.