CƏMİYYƏT


Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının növbəti iclası keçirilib

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib. İclasda gündəlikdə duran bir sıra məsələlərə dair müzakirələr aparılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, gündəlikdəki mövzular əsasən ümumi orta təhsil səviyyəsinə dair yeni təhsil proqramları (kurikulumları) üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi qaydalarını əks etdirən layihənin, DİM və “British Council” Azərbaycan təşkilatı arasında imzalanmış Niyyət Məktubunun, buraxılış sinfi şagirdlərinin təhsilə davamiyyəti və imtahan nəticələrinin müqayisəsinin, DİM-in Nizamnaməsinə əsasən qurumun fəaliyyətinin təmin olunması üçün zəruri tədbirlərin müzakirəsini əhatə edib.

İclasda çıxış edən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və təhsil nazirinin müavini Ceyhun Bayramov layihədən bəhs edərək sənədin Təhsil Nazirliyi və TQDK əməkdaşlarından ibarət işçi qrup tərəfindən hazırlandığını, orada vurğulanan bir çox prinsipial məsələlərə dair razılıq əldə edildiyini bildiriblər. Diqqətə çatdırılıb ki, sənəd rəsmən qüvvəyə minənədək imtahanların məzmununa aid olan və ictimaiyyət üçün əhəmiyyət kəsb edən müddəalar barədə mətbuatda açıqlamalar verilməlidir. İclas iştirakçıları müvafiq layihəyə dair fikir mübadiləsi aparıblar.

M.Abbaszadə buraxılış sinif şagirdlərinin dərsə davamiyyəti ilə bağlı 2012-ci ildən etibarən aparılan statistik təhlilin nəticələrini diqqətə çatdıraraq deyib ki, həmin il birinci sinfə gedən şagirdlərin bir qisminin adları IX siniflərin məlumat bazalarında aşkar edilmir. Yəni onlar icbari təhsildən yayınırlar. Bu, ciddi sosial problemdir və onun aradan qaldırılması üçün məktəblərdə, eləcə də valideynlərlə ciddi iş aparılmalıdır. Vurğulanıb ki, bu problem təkcə hansısa bir qurumun deyil, bütün cəmiyyətin qarşısında duran vacib məsələlərdəndir. M.Abbaszadə TQDK tərəfindən hər il hazırlanan və ölkə rəhbərliyinə təqdim olunan hesabatda nəzərə alınmaq üçün sözügedən məsələyə dair Təhsil Nazirliyində mövcud məlumatların verilməsini xahiş edib.

C.Bayramov mövzu haqqında fikirlərini bölüşərək başqa bir statistik təhlilin nəticələrini iştirakçıların nəzərinə çatdırıb. Qeyd edib ki, məktəbə bir il və daha artıq gec gedənlərin sayı da az deyil və nazirlik bununla bağlı hər hansı təsir mexanizminə malik deyil. Lakin ötən illərlə müqayisədə müsbət dinamika mövcuddur, yəni belə uşaqların sayı ildən-ilə azalır. Ümumiyyətlə, nazirliyin yanaşması ondan ibarətdir ki, hər hansı problem barədə danışdıqda onun dinamikasını müşahidə etmək daha məqsədəuyğundur.

DİM-in Direktorlar Şurasının sədri digər bir məsələ - “British Council” Azərbaycan təşkilatı ilə əlaqələrə də toxunub. Bildirib ki, adıçəkilən qurum ilə aparılan danışıqlar nəticəsində əldə olunmuş razılığa əsasən, magistratura səviyyəsinə qəbul imtahanında ingilis dili komponentinin təkmilləşdirilməsi, yeni kurikuluma əsaslanan buraxılış imtahanlarında bacarıqların qiymətləndirilməsində ingilis dili fənni üzrə qabaqcıl təcrübənin tətbiqi, TQDK tərəfindən IELTS imtahanlarının keçirilməsinə dəstək və dövlət qulluğuna qəbul zamanı xarici dil biliklərinin yoxlanılmasının təkmilləşdirilməsi layihələrinin hazırlanması nəzərdə tutulub.

M.Abbaszadə bildirib ki, cari ilin aprelində təsdiq edilmiş DİM-in Nizamnaməsinə əsasən, bu qurum publik hüquqi şəxsdir (TQDK və DQMK kimi mərkəzi icra hakimiyyəti orqanı deyil) və müvafiq Fərmanla həvalə olunmuş vəzifələrin həyata keçirilməsi üçün dövlət büdcəsindən ona maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmayıb.

İclasda müvafiq məsələ ilə bağlı DİM-in fəaliyyətinin təmin olunması və ona həvalə edilən vəzifələrin icrası məqsədilə müxtəlif imtahan növlərinin keçirilməsi üçün sərf olunan maliyyə vəsaiti və bir imtahan iştirakçısına düşən xərclər barədə müzakirələr aparılıb, Direktorlar Şurasının üzvlərinin təklifləri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.