REGİONLAR
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib
Ağdaş, 18 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə kömək göstərirlər.
AZƏRTAC xəbər verir ki, növbəti belə qəbul avqustun 18-də Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçirilib. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bölgə vətəndaşlarını qəbul edərək onların müraciətlərini dinləyib. Məleykə Abbaszadə qəbuldan öncə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovla birgə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb.
Qəbulda Mingəçevir və Naftalan şəhərlərinin, Ağdaş, Yevlax və Goranboy rayonlarının sakinləri, həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Görüşdə vətəndaşlar əsasən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün aparılan elektron ixtisas seçimi, ixtisas seçimi zaman diqqət yetirilməli olan məsələlər, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanlar, dövlət qulluğuna qəbul və digər məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət ediblər. DİM-in səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həll olunub. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.
Qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.